Moskva regionunda qasırğa qurbanlarının sayı 16 nəfərə yüksəlib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, onlardan 11-i Moskvada, digər 5-i isə Moskva ətrafında həlak olub.
Təbii fəlakət nəticəsində xəsarət alanların sayı və dəyən zərərin həcmi dəqiqləşdirilir. Ölənlər arasında bir yeniyetmənin olduğu məlumdur.
Daha öncə Moskvada qasırğa zamanı 170 nəfərin xəsarət aldığı, onlardan 146-nın xəstəxanaya yerləşdirildiyi, 108 nəfərin isə hələ də xəstəxanada olduğu barədə məlumat yayılmışdı.
Moskvada güclü qasırğa zamanı 3,5 mindən çox ağac kökündən qopub, 1,5 mindən çox avtomobilə və 140-dan çox yaşayış evi və inzibati binanın dam örtüyünə zərər dəyib.
08:50
Moskvada qasırğa nəticəsində xəsarət alanların sayı 137 nəfərə çatıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanların sayının artması istisna edilmir.
Rusiya paytaxtında əsən qasırğa 11 nəfərin həyatına son qoyub.
Hazırda əlaqədar qurumlar qasırğanın törətdiyi fəsadları aradan qaldırır. Bunun üçün əraziyə 35 min nəfərlik canlı qüvvə və 4 500 ədəd texnika cəlb edilib.
A.S.