Moskva Səhiyyə Departamentinin məlumatına görə, Moskva metrosunda baş verən qəzada 20 nəfər həlak olub və 160-dan çox adam zərər çəkib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, ikinci gün səhər saatlarında Moskva metro xəttinin “Park Pobedı” və “Slavyanski bulvar” stansiyaları arasında 70 km/s sürətlə hərəkət edən qatarın üç vaqonu relsdən çıxıb.
Qəza şahidlərinin sözləri:
“Vaqon gedirdi, birdən ani zərbə oldu, işıq söndü hamı yıxıldı”.
“Ani əyləc çəkildi, işıq söndü qığılcım və güclü tüstülənmə oldu, hamı bir tərəfə yıxıldı. Uzun müddət insanlar çıxa bilmirdi. Biz qapalı qaldıq”.
Baş verənlərin bir neçə versiyası mövcuddur. Onlardan birinə görə qəzanın səbəbi siqnalizasiyanın işləməsi səbəbindən qatarın ani dayanmasıdır.
Amma hadisə yerinə gəlmiş Moskva meri Sergey Sobyanin qeyd edib ki, baş verənlərin səbəbi barədə danışmaq hələ tezdir. Hal-hazırda FH yerində əməliyyatçılar iş aparırlar. İstintaq güman edir ki, texnogen qəza baş verib, terror aktı versiyası təsdiqini tapmayıb.
Metroda baş verən qəza ilə əlaqəli Moskvada matəm elan edilib.