Moskvada bir qrup adamın “Quran”ı yandırması zamanı çəkilmiş video ilə bağlı istintaq başlanıb.
Oxu.Az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, paytaxt polisi yanvarın 9-da bildirib ki, videoda baş verən hərəkətləri törədən adamları tapmaq üçün xüsusi istintaq qrupu yaradılıb.
Yanvarın 5-də internetdə yayılan videoda iki nəfərin islamın müqəddəs kitabı olan “Qurani-Kərim”in rusca tərcüməsini yandırdığı əks olunur. Kitabı yandıranların üzləri videoda görünmür.
Səslərindən eyni adam olduqları hiss edilən iki nəfər həmin videoda Moskva metrosunda vaqonda qorxu içində bir nəfəri təhqir edib, ondan Allahı inkar etməsini tələb ediblər.
Naməlum adamların hücum etdikləri gənc başından vurularaq yaralanıb.
Videoda, həmçinin çeçenlər əleyhinə şüarlar olan musiqi səslənir.
Videoda təhqiramiz ifadələr səsləndiyi üçün azyaşlıların baxması tövsiyə olunmur.