Üzərində bıçaq yaraları olan dörd nəfərin cəsədi dekabr ayının 5-də, Moskvanın Naqatinsk küçəsindəki mənzildə aşkar edilib.
Oxu.Az xəbər verir ki, şənbə günü dekabrın 6-da hüquq-mühafizə orqanlarında olan mənbədən “İnterfaks”a verilən məlumata görə, qətlə yetirilənlərdən iki nəfər Botkinsk xəstəxanasının əməkdaşı olub.
Həlak olan 52 yaşlı qadın Botkinsk adına ŞKX-nın mühasibi, onun 28 yaşlı oğlu isə elə bu xəstəxanada tibbi personalın üzvü olub. Bundan başqa, qadının 50 yaşlı ərinin və 76 yaşlı təqaüdçünün cəsədləri də aşkar edilib. Onların hamısı çoxsaylı bıçaq yaralarından vəfat ediblər.
“Bir və ya daha çox şəxsin qətlə yetirilməsi” maddəsi ilə cinayət işi açılıb.
Daha öncə TASS-ın hüquq-mühafizə orqanlarından olan mənbədən aldığı məlumata görə, qatillər izi itirməyə çalışıblar. Onlar qaz kolonkasını açaraq yanğının və partlayışın baş verəcəyinə ümid ediblər.
İstintaqın versiyasına görə, ailə zəngin olub və cinayət tanışlar tərəfindən oğurluq məqsədi ilə törədilə bilərdi.