Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Müdafiə Nazirliyi ermənilərə cavab verdi](https://images.oxu.az/2014/07/14/11/27/20/559/kesfiyyat:1200.jpg)
Müdafiə Nazirliyi ermənilərə cavab verdi
Erməni saytları Azərbaycanla bağlı dəfələrlə qeyri-ciddi, həqiqəti əks etdirməyən məlumat yayıblar və “NEWS.am” agentliyi də bu işdə başqalarından geri qalmır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin ANS PRESS-in sorğusuna cavabında bildirilir.
“Cəbhə xəttində erməni zabitinin öldürülməsi həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır. Bu barədə yayılan xəbər dezinformasiya xarakteri daşıyır. Ermənilər son dövrlər Azərbaycan ordusunun qüdrətlənməsindən və mütəmadi olaraq plana uyğun keçirdiyi hərbi təlimlərdən xeyli qorxuya düşüb. Məhz buna görə də erməni saytlarının bu səpkidə yaydıqları informasiyalar daxili auditoriyaya ünvanlanıb. Bir daha qeyd edirik ki, yayılan məlumat təxribat xarakteri daşıyır və onun heç bir əsası yoxdur”, deyə Nazirliyin cavabında bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni mətbuatında Kəlbəcərdə Azərbaycan diversiya qrupu ilə erməni hərbçilər arasında atışmaların getdiyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, atışma zamanı bir erməni zabiti öldürülüb, bir qadın isə yaralanıb.
Deyilənə görə, atışmada Azərbaycan diversiya qrupunun üzvlərindən biri həlak olub.
Rəylər