Boris Nemtsovun qətlinin “sifarişçiləri” olmayıb. Cinayəti “Sever” xüsusi taborunun iki keçmiş döyüşçüsü Zaur Dadayev və Bislan Şavanov planlaşdırıb və törədiblər.
Oxu.Az xəbər verir ki, belə bir ilkin rəylə işi araşdıran müstəntiqlər çıxış ediblər.
“Hazırda işdə mövcud olan dəlilləri, şahid ifadələri, həmçinin ittiham olunan şəxsin ifadəsini öyrənərkən, birmənalı rəyə gəlmək olar: Nemtsovun qətli Dadayev və Şavanovun şəxsi təşəbbüsü olub, - hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt”a bildirib. – Onun qətlinin başqa “sifarişçisi olmayıb”.
Mənbənin sözlərinə görə, “Sever”in keçmiş döyüşçülərinin cinayətə kiminsə xahişi ilə getmələri barədə versiya üzərində də iş aparılsa da, hələlik bu versiya obyektiv təsdiqini tapmır.
Xatırladaq ki, Zaur Dadayev martın 6-da İnquşetiya ərazisində saxlanılıb. Moskvanın Basman məhkəməsi onun həbsinə qərar çıxarıb. Bislan Şavanov Çeçenistanda saxlanılan zaman həlak olub.