ABŞ-nin dövlət katibi Marko Rubionun Şimali Atlantika Alyansının (NATO) fəaliyyətinə dair skeptik fikirləri Avropa dövlət başçılarında sözügedən təşkilatın aqibəti barədə ciddi narahatlıq yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Economist" məlumat yayıb.
Xəbərə görə, bir vaxtlar transatlantik tərəfdaşlığın sadiq tərəfdarlarından olan Marko Rubio hazırda ABŞ prezidentinin tənqidi ritorikasına qoşulub. Dövlət katibinin mövqeyindəki bu dönüş Avropa paytaxtlarında bədbin əhval-ruhiyyənin formalaşmasına gətirib çıxarıb.
Məlumatda həmçinin vurğulanır ki, ABŞ-nin NATO-dakı sabiq daimi nümayəndəsi İvo Daalder hazırkı durumu təşkilatın tarixində ən mürəkkəb mərhələlərdən biri adlandırıb.
Xarici media yazır ki, Finlandiya hökumətinin nümayəndəsi yaranmış situasiyanın Avropa dövlətlərinin ABŞ rəhbərliyinin NATO siyasətinə təsir imkanlarını məhdudlaşdıra biləcəyini diqqətə çatdırıb.