Polislər doğum sancıları çəkən qadına yolun o biri üzündə olan hospitala getmək üçün yolu keçməyə icazə verməyiblər.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, Los-Ancelesdə doğuş sancıları keçirən qadın 30 dəqiqə müddətində istidə oturmalı olub. Belə ki, yol prezident Barak Obamanın kortejinin keçəcəyi səbəbindən bağlı olub.
Bu, Amerika sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. “Bu qadın doğuş sancıları keçirirdi, amma ona Obamaya görə yolu keçməyə icazə verməyiblər!”, - bu hadisənin şahidi olan istifadəçilər yazıb.
Polislər isə özlərini müdafiə etmək üçün “qadın yolu keçmək üçün icazə istədikdə doğuşun başladığını deməyib. Onun əri yolun daha nə qədər bağlı qalacağını soruşana qədər o, bir müddət oturub gözləyib” deyə bəyan ediblər.
Məlum olduğu kimi qadın sonradan uşağı həmin hospitalda dünyaya gətirib.