“Azərpoçt” MMC yaxın zamanlarda mikro kreditlərin verilməsinə başlaya biləcək.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, saytın məlumatına görə, iyulun 24-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında nazir Əli Abbasov bildirib ki, “Azərpoçt” mikro kreditlərin verilməsi ilə bağlı təklif ilə çıxış edib. Bu məqsədlə lisenziyanın alınması üçün müraciət olunub.
“Yəqin ki, əmanətlərin qəbuluna yox, kreditlərin verilməsinə lisenziya almaq mümkün olacaq”, - nazir deyib.
Əli Abbasov, “öz vəsaitlərimiz hesabına təxminən 2-3 milyon manatlıq pilot layihələrə başlamaq lazımdır. Mikro kreditləri öz vəsaitlərimiz hesabına verək ki, riski vətəndaşların üzərinə qoymayaq” - deyə əlavə edib.
Nazir qeyd edib ki, “Azərpoçt”un geniş şəbəkəyə malik olması, poçtun işçilərinin kəndlərdə yaşayan əhalini yaxından tanıması mikro kreditlərin uğurlu veriləcəyinə zəmin yaradır.