"2019-cu il avqustun 5-də Hindistan Konstitusiyasının 370-ci və 35-A maddələrinin ləğvindən sonra Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmir ərazisində (IIOJK) davam edən insan hüquqları pozuntuları baş verib. Özbaşına həbslər, məhkəmədənkənar qətllər, media və kommunikasiya vasitələrinə tətbiq edilən məhdudiyyətlər, habelə ərazinin demoqrafik tərkibinin dəyişdirilməsinə yönələn cəhdlər artıb".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Sara İjaz "Kəşmirin qara günü" adlı tədbirdə deyib.
O, Cammu və Kəşmir məsələsinin beynəlxalq səviyyədə tanınmış mübahisə olaraq qaldığını və birtərəfli addımların ərazinin mübahisəli statusunu dəyişdirə, eləcə də Kəşmir xalqının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq öz müqəddəratını təyin etmək kimi legitim hüququnu sarsıda bilməyəcəyini vurğulayıb:
"Biz həmçinin, Azərbaycanın Cammu və Kəşmir məsələsinə dair prinsipial və ardıcıl dəstəyini yüksək qiymətləndiririk".