Qırğızıstanda axtarış-xilasetmə qrupu Kurumdı zirvəsini dron vasitəsilə nəzərdən keçirərkən itkin düşən alpinistlərin cəsədlərinin olduğu ehtimal edilən ərazini aşkarlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Alpinizm və Qayayadırmanma Federasiyasının sədri Aleksandr Qodlevski bildirib.
Avqustun 8-də "BelTA" agentliyi Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb ki, üç alpinistdən ibarət qrup Pamir dağlarında yerləşən Kurumdı zirvəsinə qalxdıqdan sonra onlarla əlaqə kəsilib. Qrupun tərkibində Belarus vətəndaşları Nikolay Sviridov və Maksim Polyanski, həmçinin Litva vətəndaşı Sergey Rubtsov olub.
"BelTA"nın yazdığına görə, avqustun 16-da səhər yamac üzərində uçuş zamanı pilotsuz uçuş aparatı qar-daş uçqununun baş verdiyi yeri qeydə alıb. Görüntülərin araşdırılması zamanı daha əvvəl tapılmış əşyaların yaxınlığında, uçqunun gətirdiyi materialların arasında, ehtimal ki, qrup üzvlərinə aid cəsədlər aşkarlanıb.
"Uşaqların cəsədləri tapılıb, lakin onlar hələ identifikasiya edilməyiblər. Orada çox mürəkkəb qar-buz şəraiti və olduqca çətin relyef var. Heç kim uşaqların yanına enə bilməyib. Vəziyyət dron vasitəsilə müəyyən edilib. Əldə etdiyimiz məlumatlar texnikanın - helikopterlərin, dronların - fasiləsiz fəaliyyəti və toplanmış məlumatların təhlili sayəsində mümkün olub", - deyə Qodlevski izah edib.
Bununla belə, Sviridov, Polyanski və Rubtsovun axtarışlarına dəstək məqsədilə yaradılmış saytda bildirilir ki, yekun identifikasiya yalnız cəsədlər aşağı endirildikdən sonra mümkün olacaq.
"O vaxta qədər biz nə adları, nə də hər hansı təfərrüatı açıqlayacağıq. Ailələr hər şeydən xəbərdardırlar. Bir şeyi əminliklə deyə bilərik və bu, bizim üçün vacibdir: yamacdakı tapıntıları bir ip birləşdirir - uşaqlar bir-birinə bağlı şəkildə hərəkət ediblər. Bu günlər ərzində yamacın aşağı hissəsində üçünün də əşyalarını tapmışıq. Bu o deməkdir ki, qrup ayrılmayıb: qəza baş verən anda onlar birlikdə olublar və indi də birlikdədirlər. Onlardan heç biri yamacda tək qalmayıb", - deyə saytın müəllifləri bildiriblər.
Onların sözlərinə görə, bu günlər ərzində yamacdakı vəziyyət barədə ümumi mənzərə formalaşıb.
"Yuxarıda, təxminən 5 400 metr yüksəklikdə, dağın belində yeni qopma zonası görünür. Tapdığımız əşyalar əsasında müəyyənləşdirdiyimiz bütün ehtimal olunan düşmə xətləri məhz həmin əraziyə gedib çıxır, oradan isə aşağıya doğru bu gün tapıntının aşkar edildiyi yerə qədər iz uzanır. Orada dəqiq nə baş verdiyini bilmirik və fərziyyələr irəli sürməyəcəyik: hadisənin şəraiti müəyyənləşdirilir", - məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, dağlarda yenidən əlverişsiz hava şəraiti hökm sürür, uçuşlar dayandırılıb və xilasedicilərin düşərgəsi yığışdırılır.
"Ərazi daş və qar uçqunlarının baş verdiyi zonadadır və insanlar ora getməzdən əvvəl risklər qiymətləndirilməlidir. Xilasedicilərin təhlükəsizliyi bundan sonrakı bütün işlərin məcburi şərtidir. Qərar qəbul edilən kimi bu barədə məlumat verəcəyik", - məlumatda bildirilib.