Papa Fransisk bəyan edib ki, onda olan məlumat Katolik keşişlərinin 2 faizinin uşaqbaz olduğunu iddia etməyə imkan verir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində papa uşaqlara qarşı zorakılıq və təcavüzü kilsənin mübtəla olduğu cüzam adlandırıb.
O, bu bəlaya qarşı bacardığı qədər sərt mübarizə aparacağına söz verib.
Papanın sözlərinə görə, 2 faizi müşavirlərin dedikləri rəqəmdir. Bu isə hazırda Roma katolik kilsəsində 414 min keşişdən, ən azı 8 min keşişin uşaqlara qarşı zorakılıq törətdiyi deməkdir.
“Həmin 2 faiz arasında keşişlər, yepiskoplar, kardinallar var. Bəladan xəbərdar olan, amma susan keşişlərin sayı daha çoxdur”, - Roma Papası deyib.
Bu müsahibədə o, həmçinin bildirib ki, keşişlərin nikahdan etiraz probleminin həlli mövcuddur və bu həlli tapacağını vəd edib.
“Problem təbii ki, mövcuddur. Amma zaman tələb olunur, həll mövcuddur və mən onu tapacam”, - Roma-katolik kilsəsinin rəhbəri deyib.