İsrailin keçən həftə Qəzza bölgəsində başlatdığı hərbi əməliyyatlar zamanı 170-ə yaxın adam həlak olub, 1200 nəfər isə yaralanıb.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, HƏMAS İsrail ərazisinə 800-ə yaxın raket buraxıb. Onların bir hissəsi “Dəmir günbəz” RƏM sistemi ilə vurulub. Digərləri isə açıq sahəyə düşüb. 20 israilli yaralanıb, ölən yoxdur.
İsrail müdafiə ordusu bəyan edib ki, Qəzza bölgəsində əsas mərhələyə yaxınlaşır. İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bir daha vurğuladı ki: “Biz, Qəzza bölgəsində sakitliyi bərqərar etmək və HƏMAS-a, onunla yanaşı digər terror qruplara zərbələr yetirmək üçün dözüm və səbirlə hərəkət edəcəyik, biz qətiyyətlə, məsuliyyətlə və güc ilə qoyulmuş məqsədə nail olmağa çalışacağıq”.
HƏMAS Fələstin hərəkatının rəsmi nümayəndəsi Sami Abu Zuhdi bəyan edib ki, “Əgər İsrail, Qəzza bölgəsində quru əməliyyatlarına başlamağa cürət edərsə, bu uğursuzluqla nəticələnəcək”.
Qeyd etmək lazımdır ki, İsrail ehtiyatda olan 40 min nəfər şəxslərin səfərbərliyini elan edib.