Papua-Yeni Qvineyada timsah zoopark əməkdaşına ona yem verərkən hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC Australia" portalı məlumat verib.

Şahidlər bildiriblər ki, kişi əlində toyuqla qəfəsə girib. O, yırtıcıya yem verərək getməyi planlaşdırıb, lakin timsah qəfildən onun ayaqlarından yapışıb və suya sürükləyib.
Sosial şəbəkələrdə yerləşdirilən görüntülərdə olduqca böyük ölçüdə timsahın kişinin ayaqlarından yapışaraq sudan çıxmasına imkan vermədiyi kadrlar əks olunub. İşçi hovuzun kənarından yapışıb, ətrafına toplaşan insanlar isə onu çıxarmağa çalışıblar.
"Mən onun gözlərində ağrı görürdüm. Eşitdiyim tək şey isə "Mən pis heçnə etməmişəm" sözü idi", - deyə zoopark ziyarətçilərindən biri danışıb.
Hadisə yerinə gələn polis kişini xilas etmək üçün timsahı vurmaq məcburiyyətində qalıb. Kişi xəstəxanaya bir ayağı olmadan aparılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər - xəsarətlər olduqca ağır olub.
Hadisədən sonra zoopark müvəqqəti olaraq bağlanıb.