Ermənistanın baş naziri Nikol Paşinyan 300 min azərbaycanlı barədə səsləndirilən iddiaların təkzib edilməsi tələbi ilə "Güclü Ermənistan" Partiyasını məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar yayılıb.
Mayın sonlarında sözügedən siyasi təşkilatın rəhbəri, iş adamı Samvel Karapetyan seçkilərdə qalib gələcəkləri təqdirdə Azərbaycan vətəndaşlarının ölkədə daşınmaz əmlak almasını qadağan edən qanun qəbul edəcəklərini bildirmişdi.
"Erməni xalqı üçün hazırda ən mühüm məsələ baş nazir Nikol Paşinyanın 300 min azərbaycanlının Ermənistana gəlişi ilə bağlı planının həyata keçirilməsinin qarşısını almaqdır", - deyə Karapetyan açıqlama vermişdi.
Ermənistan lideri sözügedən partiyadan mənəvi zərərin əvəzi kimi 6 milyon dram (təxminən 16 min dollar - red.) təzminat tələb edir. Məhkəmə işi artıq icraata qəbul edib.
Qeyd edək ki, Paşinyan bundan əvvəl də Karapetyana qarşı məhkəmə iddiası qaldırmışdı. O zaman baş nazir Kanadada evinin olması barədə səslənən iddiaların təkzib olunmasını istəmişdi.