"Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyana məxsus olan "Ermənistan Elektrik Şəbəkələri" şirkəti milliləşdirmə prosesi başa çatdıqdan sonra konsessiya idarəetməsinə veriləcək.
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Elektrik şəbəkələri" ilə bağlı biz konseptual səviyyədə qərar vermişik - bu, etibarlı idarəetməyə verilmiş dövlət mülkiyyəti olacaq", - o qeyd edib.
N.Paşinyanın sözlərinə görə, istehsalat müəssisələrinin, o cümlədən "Araratsement" zavodunun dövlətin mülkiyyətində və idarəçiliyində qalması doğru olmaz.
Karapetyanın həbsindən sonra Paşinyan "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsi ehtimalını istisna etməyib. 3 iyul 2025-ci ildə müvafiq qanun ikinci və sonuncu oxunuşda qəbul edilib. 18 iyulda milliləşdirmə prosesi başlayıb və yeni müvəqqəti inzibatçı təyin edilib. 12 mart 2026-cı ildə Konstitusiya Məhkəməsi "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsinə icazə verən qanunları qüvvədə saxlayıb.