Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hərbi əməliyyatlar zamanı Azovda və Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar başsağlığı verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, nazir bununla bağlı Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Nazir, həmçinin dərin hüznlə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib. Hücum nəticəsində ümumilikdə beş nəfər vətəndaşımız həlak olub, üç nəfər isə yaralanıb.
İyulun 14-də isə Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşı olub. Kapitan Səməd Nəsrullayev hadisə zamanı həlak olub.