"Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılması üzrə yeni xüsusi nümayəndənin kim olacağı məsələsi hazırda müzakirə mərhələsindədir".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
"Xüsusi nümayəndə ilə bağlı hələlik yekun qərar yoxdur. Türkiyə ilə qarşılıqlı fəaliyyət formatı çərçivəsində işimizi necə davam etdirəcəyimizi, müvafiq qərarlar qəbul etmək üçün hansı məntiq və formatı əsas götürəcəyimizi müəyyənləşdirməliyik. Hazırda bu mövzuda müzakirələr gedir", - deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi nümayəndə vəzifəsini Ruben Rubinyan icra edirdi. Lakin seçkidə qalib gəldikdən sonra iqtidarda olan Vətəndaş Sazişi Partiyası onun namizədliyini yeni seçilmiş parlamentin sədri postuna irəli sürüb.