"FIFA-nın törəmə müəssisəsi kimi fəaliyyət göstərəcək "FIFA Forward Enterprise" şirkətinin qurulması quruma üzv olan assosiasiyaların gəlirlərinin artmasına və dünya miqyasında futbolun inkişafına təkan verəcək".
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino özünün sosial şəbəkə hesabında deyib.
"FIFA Forward Enterprise" FIFA-nın 211 üzv assosiasiyası və FIFA Şurası ilə aparılan demokratik məsləhətləşmə prosesinin bir hissəsi, həmçinin yeni bir təklif və imkandır. Əgər təsdiqlənərsə, bu qurum FIFA-ya məxsus olan və onun tərəfindən idarə edilən bir törəmə şirkətə çevriləcək. Yeni şirkət ali futbol təşkilatının bütün yarışlarının təşkili və kommersiyalaşdırılması, o cümlədən sponsorluq, yayım hüquqları, lisenziyalaşdırma və üzv assosiasiyaların xeyrinə olan yeni layihələr vasitəsilə təşkilatın kommersiya və tədbir fəaliyyətlərini birləşdirərək indiyədək istifadə olunmamış ticari dəyəri üzə çıxaracaq.
Oyunun kommersiya tərəfinin gücləndirilməsi, onillik idarəetmə islahatları və inkişafın genişləndirilməsindən sonra FIFA-nın təkamülündə təbii bir addımdır. "FIFA Forward" proqramı çərçivəsində FIFA-nın hər bir üzvü üçün maliyyələşmə 8 milyon dollardan 20 milyon dollara qədər artırılacaq və yeni "FIFA Fast Forward" proqramı vasitəsilə əlavə 20 milyon dollar əldə etmək imkanı yaranacaq", - deyə İnfantino bildirib.
Ali futbol qurumunun rəhbəri əlavə edib ki, bu, bütün dünyada futbolun inkişafını sürətləndirmək üçün əla bir fürsətdir:
"Lakin bu, yalnız bir təklifdir, hər hansı bir məcburiyyət deyil. Seçim FIFA-ya üzv olan assosiasiyalarımızındır və biz bunu hər kəslə müzakirə etməyə hazırıq".
Qeyd edək ki, bir müddət əvvəl "The Times" qəzeti İnfantinonun futbol üzrə dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırdığını və bu sxemin ona on milyonlarla funt sterlinq qazandıra biləcəyini yazmışdı.
Həmin plana əsasən, FIFA-nın əsas kişi və qadın turnirlərinə - dünya çempionatı və klublararası dünya çempionatına nəzarət edəcək yeni bir şirkətin yaradılması nəzərdə tutulur. Həmçinin, qurumun ABŞ Prezidenti Donald Trampın Administrasiyasına yaxın şəxslərlə bu məsələ barədə məsləhətləşmələr apardığı vurğulanıb.