Sankt-Peterburqda üzü maskalı üç nəfər “Zoloto Adamas” zərgərlik salonuna basqın edərək içəridə olan müştərilər və işçilərə tapança ilə hədə-qorxu gəlib. Daha sonra cinayətkarlar salon əməkdaşlarından iki kişini kəndirlə bağlayıb və vitrinləri sındıraraq, ümumilikdə 250 palet zərgərlik məmulatı oğurlayıb. Qiymətli əşyaları çantaya yığdıqdan sonra quldurlar onları gözləyən avtomobillə hadisə yerini tərk ediblər.
Oxu.Az xəbər verir ki, Moika78.ru-nun məlumatına görə, salona ümumilikdə 60 milyon rubl (1 815 037 AZN) ziyan dəyib.
“Cinayətkarları daşıyan nəqliyyat vasitəsinin saxlanılması üçün şəhərdə olan bütün polis naryadları səfərbər olunub. Nəticədə Krasnoqvardeysk rayonunun post-patrul xidməti əməkdaşları xarici görünüşü təsvir olunan nəqliyyat vasitəsinə uyğun gələn şübhəli avtomobil aşkarlayıb”, - deyə Rusiya Federasiyası DİN Peterburq və Lenin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları səsgücləndirici ilə nəqliyyat vasitəsinin dayandırılmasını tələb edib. Ancaq sürücü polisin tələbinə məhəl qoymayıb. Əksinə, sürəti artıraraq, təqibdən qaçmağa çalışıb. İrinovsk və İndustrialnıy prospektinin kəsişməsində cinayətkarlar onları təqib edən polis maşınını atəşə tutmağa başlayıb. Polis əməkdaşları cavab atəşi açıb. Təqib əsnasında şübhəliləri daşıyan avtomobil yan zolaqda hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub. Saxlanılan iki şübhəlinin toqquşmadan əvvəl güllə yarası aldığı bildirilir.
“Üçüncü şübhəli isə aradan çıxıb. Onun axtarışı və saxlanılması istiqamətində bütün lazımi tədbirlər görülür”, – deyə bəyanatda bildirilir.
Fakt üzrə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin “Talan” maddəsi ilə cinayət işi açılıb.
Polis zərgərlik salonuna silahlı basqın edən şübhəlilərin kimliyini artıq müəyyən edib. Onlar 37 yaşlı Dağıstan sakini Abdulaqapov və Gürcüstandan olan 45 yaşlı Valeri Melnikovdur.
Əməliyyatçılar aradan çıxan üçüncü oğrunun azərbaycanlı olduğunu bildirir.