Moskva ətrafında yerləşən Stepanşino kəndinin yerli sakini yarım saat ərzində iki mağazanı və poçtu qarət edib. Eləcə də bir qadını qətlə yetirib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Avqustun 13-də Moskva vaxtı ilə saat 15:00-da kişi qarət məqsədi ilə ərzaq mağazasına gəlib. Ona müqavimət göstərən 50 yaşlı satıcı qadını bıçaqlayıb, “LifeNews” bildirib.
O, həmçinin 52 yaşlı digər satıcıya da bıçaq zərbələri vurub, o xəstəxanaya yatırılıb. Mağazadan nə isə oğurladığı dəqiqləşdirilməyib.
Bundan sonra kişi qonşu mağazaya girib və tapança ilə hədə-qorxu gələrək müştəriləri yerə uzanmağa məcbur edib. Heç kim ona müqavimət göstərməyib, bu səbəbdən də o satıcı qadını və 15 yaşlı müştərini iplə bağlayaraq mağazanın kassasından yeddi min rubl oğurlayıb.
10 dəqiqə sonra o poçta girib, orda da əməkdaşın əllərini iplə bağlayıb, onun qızıl sırğalarını və 15 min rubl pul oğurlayıb. Daha sonra kişi taksiyə oturaraq hadisə yerindən qaçıb.
Bir müddət sonra şübhəli bilinən 1971-ci il təvəllüdlü kişi “Kutuzovskaya” metro stansiyasında saxlanılıb. Bu barədə DİN-in mətbuat xidmətindən bildiriblər. Baxış zamanı onun üstündən oğurlanan bəzək əşyaları çıxıb. Kişiyə qarşı “Qətl”, “Sağlamlığa ağır xəsarət yetirmə” və “Qarət” maddələri üzrə cinayət işi açılıb.
“LifeNews”-un məlumatına əsasən, şübhəli bilinən şəxs 12 ildən çox Stepanşino kəndində yaşayan Rostislav Qritsaydır. Kişi daha əvvəl məhkum edilməyib, eləcə də narkodispanser və psixiatrın qeydiyyatında olmayıb.