Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti hərbi müdaxiləyə günlər, bəlkə də, saatlar qalıb və Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhədə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir.
Oxu.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, onu iki sualın cavabı çox maraqlandırır:
“Birinci sual: Türkiyə ordusunun hücumu ötəndəfəki kimi uğurlu alınarsa, buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq?
İkinci sual: Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq?
Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdlərə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir və silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bir də ki, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boyu Türkiyə əleyhinə istifadə edib”.
Politoloqun fikrincə, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumunu dəstəkləməsə də, gələcək toqquşmalara gözünü yummalı, uzaqbaşı Rusiya XİN baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az