Polşanın Baş naziri Donald Tusku sui-qəsdlə hədələyən şəxs polis tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Donald Tusk "X" sosial şəbəkəsində paylaşım edib.
"Sui-qəsdlə hədələyən şəxs saxlanılıb. Sürətli və qətiyyətli addımlarına görə polis əməkdaşlarına təşəkkür edirəm", - deyə o bildirib.
Baş nazir başqa təfərrüat açıqlamayıb.
Qeyd edək ki, oktyabrın 11-də Polşa hüquq-mühafizə orqanları Donald Tuskla yanaşı, ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı da mümkün hücum barədə məlumat alıb. Bu məlumatdan sonra təhlükəsizlik qurumlarının iştirakı ilə təcili iclas keçirilib.
Polşanın Baş naziri Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı sui-qəsd planlaşdırılmasında sağçı ekstremistlər şübhəli bilinirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" nəşri Polşa hökumətinin başçısına yaxın olan yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, hökumət başçısına yaxın məmur təhlükənin, ehtimal ki, polşalı sağçı ekstremistlərdən qaynaqlandığını bildirib.
"Daxil olan xəbərdarlığa son dərəcə ciddi yanaşılıb. Çünki göndərilən məktubda nazirlərin ünvanları və yaxın gələcək üçün planları barədə dəqiq məlumatlar yer alıb", - deyə məqalədə qeyd olunub.
Polşa polisi ölkənin Baş naziri Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün sui-qəsd barədə məlumat alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Karolina Qaletska "X" sosial şəbəkəsində məlumat verib.
"Polisə Baş nazir Donald Tusk və milli müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün sui-qəsdlə bağlı məlumat daxil olub. Bununla əlaqədar daxili işlər naziri Marçin Kervinski və xüsusi xidmət orqanlarına nəzarət edən nazir Tomaş Semonyak zəruri tədbirlərin görülməsini tapşırıblar", - deyə Qaletska yazıb.
O əlavə edib ki, Daxili İşlər Nazirliyinə tabe olan xüsusi xidmət orqanlarının iştirakı ilə iclas keçiriləcək.