Polşa xarici işlər naziri Qjeqoj Sxetına Qələbə gününün niyə Avropa paytaxtlarından birində deyil, həmişə Moskvada qeyd edildiyini anlamadığını bəyan edib.
RİA Novosti onun sözlərini sitat gətirib.
“9 May Qələbə gününün niyə həmişə Moskvada qeyd edildiyini anlamıram. Nəyə görə biz Londonu və ya Berlini deyil, məhz Moskvanın hərbi əməliyyatlarının bitdiyi yer kimi qəbul edilməsinə öyrəşmişik?”, - bunu RMF radiosunun efirində Polşa xarici işlər naziri Qjeqoj Sxetına deyib.
Bununla yanaşı, Sxetına bəyan edib ki, Qələbə gününü bu müharibənin başladığı yerdə qeyd etmək daha doğru olardı.
Beləliklə, Sxetına Polşa prezidenti Bronislav Komorovskinin İkinci Dünya müharibəsinin 70 illik yubileyini Avropada keçirmək ideyasını şərh edib.
Xatırladaq ki, Polşa prezidenti Bronislav Komorovski Qələbə gününü mayın 8-də Qdansk yaxınlığında yerləşən və məhz 1939-cu ildə sentyabr ayının 1-də İkinci Dünya müharibəsinin başladığı, Vesterplatte yarımadasında qeyd etməyi planlaşdırır. O, təntənəli mərasimə Avropa dövlətlərinin liderlərini dəvət etməyi düşünür.
Kremlin administrasiya rəhbəri Sergey İvanov Polşanın Qələbə gününün Qdanskda, heç bir hərbi qələbənin əldə edilmədiyi yerdə keçirilməsi təklifinə təəccübünü bildirib.
Əsl qalmaqal isə yanvar ayının 21-də, onun Osvensim konslagerinin ukraynalı əsgərlər tərəfindən azad edilməsinə dair bəyanatından sonra yaranmışdı. Rusiya Federasiyası XİN rəhbəri Sergey Lavrov bu təklifi istehza hesab edir. Polşalı nazirlə Almaniyanın kansleri Angela Merkel də razılaşmayıb.