Bu, “siz prezident olsaydınız nə edərdiniz” sualına bənzəyir. Yalnız onu deyə bilərəm ki, dövlətin siyasəti dövlət başçısının milli maraqları necə başa düşməsindən asılı olaraq müəyyən edilir.
Oxu.Az xəbər verir ki, bu barədə Gün.Az-a müsahibəsində Rusiyanın tanınmıış telejurnalisti Vladimir Pozner “Rusiya və Türkiyə barışıq üçün hansı addımları atmalıdır?” sualını şərh edərkən bildirib.
“Düşünmürəm ki, Rusiya və Türkiyə arasında gərginlik bundan sonra artacaq. Vəziyyəti prezidentlərin anlamağına gəldikdə isə mənə elə gəlir ki, şəxsi inciklik və özünəvurğunluğun təhqir edilməsi düşünülmüş siyasətə üstün gəldi”, - deyə V.Pozner qeyd edib.
O, Rusiya hökumətinin türklərin işə qəbuluna, türk futbolçuların Rusiya klublarına transferinə qadağa və digər bu cür qərarlara, o cümlədən Türkiyə vətəndaşlarına Rusiya aeroportlarında pis münasibətlə bağlı xəbərlərə münasibət bildirərkən isə bunları qeyd edib:
“Rusiya vətəndaşlarının türklərə qarşı pis münasibəti təəssüf ki, təbii bir haldır. Əgər Rusiya hava qüvvələri Türkiyə təyyarəsini vursaydı, Türkiyə vətəndaşları da ruslara qarşı yaxşı münasibət göstərməzdilər.
Yeri gəlmişkən mənə çatan məlumatlara görə, Türkiyədə ruslara qarşı hazırda çox pis münasibət var və Türkiyəyə gələn Rusiya vətəndaşlarının sayı dəfələrlə azalıb.
Bununla belə hesab edirəm ki, sizin sadaladığınız tədbirlər effektiv deyil. Çünki təyyarənin vurulması barədə qərarı sıravi Türkiyə vətəndaşları qəbul etməyiblər. Amma anladığım qədər onlar bunun əleyhinə də çıxış etmədilər və bu da az əhəmiyyətli deyil”.
“Mənim Azərbaycan rəhbərliyinin bu məsələdə mövqeyi barədə az məlumatım var və belə vasitəçiliyi çətin təsəvvür edirəm”, - deyə Pozner tərəflər arasındakı gərginliyin azaldılmasında Azərbaycan hökumətinin rolunu şərh edərkən bildirib.