İngiltərə Premyer Liqasının XVII turu çərçivəsində “Liverpul” evdə “Mançester Yunayted”i qəbul edib.
Oxu.Az xəbər verir ki, Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyun “Enfild”də baş tutub.
“Liverpul”un nəhəng üstünlüyü ilə keçmiş birinci hissədə çoxsaylı zərbələrə baxmayaraq, Yurgen Kloppun yetirmələri hesabı açmağa müvəffəq olmayıblar – 0:0. Matçın ikinci hissəsi də “qırmızılar”ın böyük üstünlüyü ilə keçib. Oyunda vurulmuş 40 zərbənin 34-nü Mersisayd təmsilçisi vurub. Bununla belə, “qırmızı şeytanlar” əzəli rəqiblərindən 1 xal qopara biliblər: tərəflər heç-heçəyə razılaşıb.
Qeyd edək ki, XVII turun yekununda “Liverpul” xal itirərək 2-ci pilləyə geriləyib. “Qırmızılar”ın aktivində 38 xal var, onları liderdən cəmi bir xal ayırır. “Mançester Yunayted” 7-ci pillədə qərarlaşıb. Mankunianların 28 xalı var. Çempionatın lideri 39 xalla “Arsenal”dır.
21:30
İngiltərə Premyer Liqasında XVII turun növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından birində “Arsenal” evində “Brayton”u məğlub edib.
Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. Q.Jesus fərqlənib. 87-ci dəqiqədə K.Havertz oyunda son nöqtəni qoyub.
Qələbə sayəsində “Arsenal” (39 xal) liderliyə yüksəlib, “Brayton” (26 xal) isə doqquzuncu pillədə qərarlaşıb.
Turun digər oyununda “Aston Villa” səfərdə “Brendford”a qalib gəlib. Hesabı 45-ci dəqiqədə meydan sahibləri açıblar (K.Levis-Potter). İkinci hissədə A.Moreno və O.Vatkinsin qolları qonaqlara qələbə qazandırıb.
XVII turdan sonra 38 xala sahib “Aston Villa” üçüncü, 19 xallı “Brendford” isə 12-ci pillədə qərarlaşıb.
Premyer Liqanın cari turunda həmçinin “Vest Hem” “Vulverhempton”la qarşılaşıb.
Görüşdə meydan sahibləri 3:0 hesabı ilə (M.Kudus 22 və 32-ci dəqiqə, J.Boven 74-cü dəqiqə) qalib gəliblər.
Qələbə sayəsində “Vest Hem” 27 xalla səkkizinci pilləyə yüksəlib, “Vulverhempton” isə 19 xalla 13-cü pillənin sahibidir.