Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Priqojinin partlayan təyyarəsinə ABŞ-dən qeyri-qanuni yolla vacib detal gətirilibmiş - FOTO
Sərnişini “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin olan “Embraer Legacy 600” özəl təyyarəsində uçuş ərəfəsində dəyişdirilmiş turbo-soyuducuya bomba yerləşdirildiyi ehtimal edilir.
Mənbənin məlumatına görə, hazırda araşdırmaların gəldiyi qənaət bu ehtimalları təsdiqləyir.
Bildirilir ki, yayın ortalarında Priqojinin təyyarəsinə Şeremetyevo hava limanının anqarında texniki xidmət göstərilib. Bundan dərhal sonra təyyarədə iki ciddi nasazlıq qeydə alınıb. Onlar ötən həftənin sonu aradan qaldırılıb.
Belə ki, şassilərdən birinin əyləci dəyişdirilib (ilkin məlumatlara görə, soldakı). Ehtiyat hissəsi Rusiyadakı aviaşirkətlərin birindən alınıb.
Həmçinin təyyarənin turbo-soyuducusu da yenisi ilə əvəzlənib. Cihaz ABŞ-dən sifariş edilib və sanksiyalardan ötərək Moskvaya çatdırılıb. Lakin “ABŞ istehsalı soyuducu” qəribə şəraitdə göyərtəyə çatmayıb. Məlum olub ki, ona ciddi ziyan dəyib.
İddialara görə, o, Şeremetyevoda anbarda yerə salınıb. Naməlum tədarükçü bu ehtiyat hissəsini götürüb və təxminən bir həftə sonra mənşəyi naməlum olan başqasını verib. Yeni turbo-soyuducunun haradan gəldiyi, kim tərəfindən quraşdırıldığı dəqiqləşdirilir.
Amma Priqojinin təyyarəsinə məhz o quraşdırılıb. Ekspertlər məhz bu turbo-soyuducuda bomba ola biləcəyini istisna etmirlər.
Xatırladaq ki, avqustun 23-də Tver vilayətinin Kujenkino kəndi yaxınlığında özəl təyyarə qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə yerə çırpılmazdan əvvəl partlayış səsi eşidiblər. Qəzaya uğrayan təyyarə RA-02795 seriya nömrəsi daşıyıb ki, bu da hava gəmisinin Yevgeni Priqojinə məxsus olduğunu göstərir.
Qeyd edək ki, “Flightradar” Priqojinin təyyarəsində baş verənlərin detallarını açıqlayıb.
Mənbə: “VÇK-OQPU” “Telegram” kanalı
Rəylər