UEFA Çempionlar Liqasının finalı zamanı Fransanın paytaxtı Parisdə baş vermiş iğtişaşlarda iştirak etdiklərinə görə azı 140 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları 2 216 yoxlama aparıb, 89 cərimə protokolu tərtib edib. Bundan əlavə, 24 məşəl və 100-ə yaxın pirotexniki vasitə müsadirə olunub.
"Le Figaro"nun yazdığına görə, Parisdə təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş polis əməkdaşlarından biri xəsarət alıb. Həmçinin PSJ-nin doğma stadionu olan "Park de Prens" ətrafında iki iaşə müəssisəsi zərər görüb. Yelisey rayonunda isə altı avtomobil və bir qəzet köşkü yandırılıb.
Qəzet qeyd edir ki, stadion ətrafında polis təxminən 1 000 nəfəri nəzarətdə saxlayır. Xuliqanlar isə kirayə velosipedlərdən barrikadalar qururlar. Hüquq-mühafizə orqanları zaman-zaman gözyaşardıcı qazdan istifadə edir.
Qeyd edək ki, Budapeştdə keçirilən Çempionlar Liqasının finalında PSJ İngiltərənin "Arsenal" klubuna qalib gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında Paris təmsilçisi 4:3 hesabı ilə üstün olub.