Federal Cinayət Polisi İdarəsi (BKA) Frankfurt şəhərindəki "Deutsche Bank"ın baş qərargahında və maliyyə təşkilatının Berlindəki filialında axtarış aparıb.
Oxu.Az bu barədə "Der Spiegel" nəşrinə istinadən xəbər verir.
Keçirilən bu əməliyyatlar səbəbindən "Deutsche Bank"ın səhmlərinin dəyərində 3.9% azalma qeydə alınıb və günün sonunda bazar 2% enişlə bağlanıb.
Frankfurt Şəhər Prokurorluğundan verilən açıqlamada vurğulanıb ki, araşdırmalar hələ kimliyi müəyyənləşdirilməyən şəxslər və bankın işçiləri ilə bağlı davam edir. Prokurorluğun nəşrin sorğusuna verdiyi cavabda maliyyə qurumunun "əvvəllər çirkli pulların yuyulması məqsədilə istifadə olunduğu ehtimal edilən xarici müəssisələrlə əməkdaşlıq etdiyi" bildirilir.
"Süddeutsche Zeitung" qəzeti bu yoxlamaları 2022-ci ilin yaz aylarından etibarən Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş Rusiya milyarderi Roman Abramoviçlə əlaqələndirir ("Forbes" jurnalının siyahısında 20-ci pillədə qərarlaşan iş adamının və ailəsinin ümumi sərvəti 9.2 milyard dollar qiymətləndirilir). Nəşrin məlumatına əsasən, araşdırmalar 2013-2018-ci illər aralığında bağlanmış müqavilələri əhatə edir.
"Bloomberg" xatırladır ki, qeyd olunan 2013-2018-ci illər ərzində "Deutsche Bank"ın rəhbərliyində Anşu Cayn və Con Krayan kimi şəxslər yer alıblar. Qurumun hazırkı sədri Kristian Zevinq 2015-ci ildən idarə heyətində yer alsa da, sədr postuna 2018-ci ilin aprelində keçib.
Agentlik vurğulayır ki, bankı tənəzzüldən qurtaran və ardıcıl zərər, eləcə də qalmaqal dövrünü bitirən şəxs məhz o hesab edilir. Mənbələrin məlumatına görə, təhqiqat əsas etibarilə Abramoviçə bağlı olan üç şirkət üzərində cəmləşib.
Bankın rəsmi sözçüsü yoxlamaların aparıldığını təsdiq etsə də, geniş açıqlama verməkdən çəkinərək sadəcə "prokurorluq orqanları ilə hərtərəfli əməkdaşlıq etdiklərini" diqqətə çatdırıb. Öz növbəsində Roman Abramoviçin vəkili bəyan edib ki, Almaniya hökumətinin bu cür istintaqı barədə məlumatsızdırlar və daim mövcud milli, eləcə də beynəlxalq qanunvericiliyə riayət ediblər. O, həmçinin əlavə edib ki, bunun əksini göstərən bütün fikirlər tamamilə yalan və iftiradan ibarətdir.