Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərini, Abxaziya və Cənubi Osetiya liderlərini, eləcə də Gürcüstan vətəndaşlarını II dünya müharibəsindəki qələbənin 69-cu ildönümü münasibəti ilə təbrik edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
“Böyük Qələbə barədə ümumi yaddaş xalqlar arasında dostluğun möhkəmlənməsinə, regional sabitlik və təhlükəsizliyin təmin olunmasında, konstruktiv əməkdaşlığın inkişafında həmişə əsas kimi qalacaq” – məlumatda deyilir.
Mətbuat xidmətində qeyd edildiyi kimi, təbrik məktublarında Putin qeyd edib ki, doğma torpağı və gələcək nəsillər üçün sülhü müdafiə edən ata və babalarımızın qəhrəmanlığı ümumi tariximizin şanlı səhifəsidir, bu səbəbdən də Böyük Vətən Müharibəsi barədə tarixi həqiqəti qorumaq, veteranları qayğı ilə əhatə etmək, gənclərdə mənəvi və etik dəyərlərə qayğıkeş münasibət tərbiyə etmək dövlət başçılarının borcudur.
Putin Böyük Vətən Müharibəsi veteranlarına can sağlığı və əmin-amanlıq arzu edib.