"Ukrayna münaqişəsi ilə bağlı sülh müqavilələri layihəsi olmayıb, yalnız müzakirə ediləcək məsələlərin siyahısı var idi".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə KTMT Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Rusiya liderinin sözlərinə görə, rəsmi Moskva ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı ilkin planını nəzərdən keçirib.
Cenevrədəki danışıqlardan sonra sülh planının 28 bəndinin dörd hissəyə bölünməsi qərara alınıb.
"Rusiya Federasiyası ümumilikdə ABŞ-nin Ukrayna ilə bağlı bəndlərinin siyahısının gələcək razılaşmalar üçün əsas ola biləcəyi ilə razılaşır. Bununla yanaşı, Ukraynaya dair plan layihəsinin diplomatik dilə tərcüməsi lazımdır. Hazırda bəzi məqamlar gülünc səslənir", - deyə Putin bildirib.
O vurğulayıb ki, Rusiya Avropaya hücum etmək niyyətində olmadığını bəyan etməyə hazırdır: "Rusiya Qərblə Avropanın təhlükəsizliyi və strateji sabitlik məsələlərini müzakirə etməyə hazırdır".
Rusiya lideri gələn həftə Amerika nümayəndə heyətinin Moskvaya gələcəyini də təsdiqləyib: "Rusiya gələn həftənin birinci yarısında Moskvada amerikalı nümayəndələrlə danışıqlar aparmağı gözləyir və onların kim olacağını Tramp müəyyən edəcək", - deyə Rusiya prezidenti qeyd edib.
Ukrayna münaqişəsi ilə bağlı Rusiya tərəfindən danışıqlar aparanlar arasında o, Vladimir Medinski və Yuri Uşakovun adını çəkib.