Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşündə Moskvanın Ukrayna ilə bağlı üçtərəfli danışıqları noyabrın ikinci ongünlüyündə bərpa etməyə hazır olduğunu bildirib.
Oxu.Az Rg.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov görüşün nəticələri ilə bağlı açıqlamasında deyib.
Sankt-Peterburqdakı Konstantin sarayında keçirilən görüş təxminən üç saat davam edib. Tərəflər Ukrayna münaqişəsinin davamlı sülhlə başa çatdırılması yollarını müzakirə ediblər. Danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ehtimalı var.
Uşakovun sözlərinə görə, Uitkoff Rusiyanın danışıqları bərpa etmək niyyətinin ABŞ Prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanacağını bildirib.
Görüşdə Ukraynanın və Avropa ölkələrinin mövqelərindəki dəyişikliklər də müzakirə olunub. Bununla belə, Uşakov münaqişənin həlli ilə bağlı konkret təkliflərin az olduğunu qeyd edib.
Putin cəbhədəki vəziyyətlə bağlı Rusiyanın qiymətləndirməsini də təqdim edib və Rusiya qoşunlarının strateji təşəbbüsə malik olduğunu iddia edib.
Tərəflər xarici bazarlara yanacaq tədarükü ilə bağlı razılaşmaları, qlobal yanacaq bazarlarının sabitliyini və birgə iqtisadi layihələri də müzakirə ediblər.
Uşakovun bildirdiyinə görə, Çin noyabrın 18-19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Putin, Si Cinpin və Donald Trampın mümkün görüşünü təşkil etmək imkanlarını nəzərdən keçirir.
Bundan əlavə, Putin İran münaqişəsinin siyasi yolla həllinə kömək etməyə hazır olduğunu təsdiqləyib.
Uşakov həmçinin Rusiya prezidentinin ABŞ tərəfinin dəfələrlə müraciətindən sonra ABŞ vətəndaşı Stiven Habbardı əfv etdiyini bildirib. Onun sözlərinə görə, Tramp və administrasiyasının nümayəndələri Habbardın humanitar əsaslarla geri qaytarılmasını xahiş ediblər.
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüş sona çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Sankt-Peterburqda Konstantinov sarayında baş tutan danışıqlar Bakı vaxtı ilə təxminən 12:55-də başlayıb və ümumilikdə 3 saata yaxın davam edib. Görüş zamanı Putin və Uitkoff Ukrayna münaqişəsinin həlli yollarını da nəzərdən keçiriblər.
Putin və Trampın Çində ehtimal edilən görüşü ilə bağlı bəzi mülahizələr səsləndirilib. Fars körfəzindəki vəziyyət və dizel sazişi də diqqət mərkəzində olub. Danışıqlar əsnasında Rusiya prezidentinin ABŞ vətəndaşı Stefan Habbardın azadlığa buraxılması barədə qərarına da toxunulub.
ABŞ tərəfinin vasitəçisi Cared Kuşner xəstəliyi səbəbindən Putinlə görüşə gələ bilməyib. O, bir gün əvvəl Uitkoffun Oslo şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarında da iştirak etməmişdi. Lakin Kuşner Rusiya lideri ilə keçirilən görüşə onlayn formatda qoşulub.
Rusiya tərəfindən danışıqlarda dövlət başçısının köməkçisi Yuri Uşakov və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak ediblər.
Sankt-Peterburq şəhərindəki Konstantinov sarayında Prezident Vladimir Putinlə Rusiyaya səfər edən ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş keçirilir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Putin Uitkoffdan Ukrayna ilə bağlı səylərinə görə təkcə Donald Trampa deyil, həmçinin onun həyat yoldaşı Melaniyaya da səmimi təşəkkürünü çatdırmağı xahiş edib.
"Tramp söhbətlərində, eləcə də son telefon danışığında hər iki tərəfin canlı qüvvə itkilərini nəzərə alaraq, bu münaqişənin dayandırılmasının zəruriliyini xüsusi vurğulayıb. Böhranın həllində göstərdiyiniz diqqətə görə sizə və Prezident Trampa minnətdarlığımı bildirmək istəyirəm. Bilirəm ki, Prezident Tramp bu məsələyə ilk növbədə humanitar baxımdan xüsusi önəm verir", - deyə Rusiya dövlət başçısı bildirib.
Rusiya lideri əlavə edib ki, Çində Trampla baş tuta biləcək görüşlə bağlı bəzi mülahizələri Uitkoffla müzakirə etmək niyyətindədir.
Tərəflər həmçinin İran ətrafındakı vəziyyəti və bu ölkənin nüvə proqramını diqqət mərkəzində saxlayıblar.
"Əgər mümkün hesab etsəniz, Yaxın Şərqdə və İran ətrafında baş verən proseslərlə bağlı sizin qiymətləndirmələrinizi öyrənmək mənim üçün çox maraqlı olardı. Bu böhranın nizamlanması üçün əlimizdən gələn nəsə varsa, məmnuniyyətlə edərik.
Bilirsiniz ki, bizim İranla, oradakı tərəfdaşlarımızla xüsusi, etibarlı münasibətlərimiz var, çünki bu əlaqələr onilliklər boyu formalaşıb. Rusiyanın İranın nüvə problemi ilə bağlı təklifləri isə hər kəsə yaxşı məlumdur".
Qeyd edək ki, Rusiya liderinin amerikalı xüsusi elçi ilə görüşündə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov və Prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edirlər.
Uşakovun daha əvvəl verdiyi məlumata görə, danışıqların əsas mövzusu Ukrayna münaqişəsidir.
Bildirilir ki, Uitkoff Sankt-Peterburqa Oslodan gəlib. O, orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb. Həmin görüşdə Avropa dövlətlərinin nümayəndələri də iştirak ediblər. Xəstəliyi səbəbindən Kuşner isə danışıqlara onlayn formatda qatılıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ölkəyə səfər edən ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş başlayıb.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dövlət başçısı Uitkoffla söhbəti zamanı Ukrayna böhranının həllinə göstərdiyi diqqətə görə ABŞ lideri Donald Trampa təşəkkürünü bildirib.
Rusiya prezidenti vurğulayıb ki, ABŞ rəhbəri onunla son danışığında insan itkilərinin qarşısını almaq üçün münaqişənin dayandırılmasının vacibliyini xüsusi qeyd edib.
Bundan əlavə, Rusiya lideri Moskvanın Vaşinqtonla iqtisadi əlaqələrin və əməkdaşlığın bərpa olunmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Öz növbəsində, Uitkoff Ukrayna münaqişəsinin həlli yollarının əks olunduğu sənədləri özü ilə gətirdiyini bildirib. O, ABŞ vətəndaşı Stiven Habbardın sərbəst buraxılmasına görə Vladimir Putinə təşəkkürünü çatdırıb.
Rusiya prezidenti isə qeyd edib ki, Habbard artıq Pulkovo hava limanındadır.