İsveçli ekofəal Qreta Tunberq və bir qrup etirazçı Almaniyanın paytaxtı Berlində - Brandenburq qapısı yaxınlığında yerləşən "Rheinmetall" müdafiə konserninin ofisi qarşısında özlərini yerə yapışdırıblar. Ümumilikdə, bu etiraz aksiyasına 40-dan çox insan qatılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Berlin polisi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Səhər saatlarında insanlar Parizer-plats meydanında, Ebertştrasse küçəsinə keçidlərdən birində toplaşıblar. Onlardan təxminən 40 nəfəri özünü yapışdırıcı vasitə ilə asfalta yapışdırıb", - deyə məlumatda qeyd olunur. Hazırda ərazidə 70-ə yaxın polis əməkdaşı fəaliyyət göstərir, onlar fəalları yerdən ayıraraq tədricən ərazidən uzaqlaşdırırlar", - deyə açıqlamada qeyd olunub.
"Berliner Zeitung" nəşrinin yazdığına görə, "Peacefully against Genocide" qrupunun təşkil etdiyi bu aksiya Veddinq rayonundakı "Rheinmetall" zavodunun fəaliyyətinə, Qəzzadakı müharibəyə və ümumilikdə Almaniya istehsalı olan silahların münaqişə zonalarında istifadəsinə etiraz məqsədi daşıyır.
