Çeçnistanın rəhbəri Ramzan Kadırov Qroznıda yeni aeroportun tikiləcəyi barədə xəbər verib. Onun sözlərinə görə, hava limanı büdcədən kənar vəsait hesabına tikiləcək. Kadırov yeni tikiləcək aeroportu sadəcə ən rahat deyil, eləcə də ölkədə ən gözəl aeroport etmək fikrindədir, Oxu.Az Vesti-yə istinadən bildirib.
“Əziz dostlar! Sizə çox mühüm bir xəbəri çatdırmaq istəyirəm! Biz yeni aeroport tikmək qərarına gəlmişik! Layihə büdcədən kənar vəsaitlərin hesabına realizə ediləcək”, - Kadırov İnstagram səhifəsində yazıb.
“Tam məsuliyyətlə bəyan etmək olar ki, bizim aerovağzal ölkədə ən gözəl, rahat və komfortabelli olacaq. Layihəçi və investorlara məhz bu tələblər irəli sürüləcək”, - Kadırov yazıb.
Çeçenistan rəhbərinin sözlərinə görə, yeni aeroport ölkə üçün çox vacibdir. “Qroznıya sistematik olaraq biznesmenlər, siyasətçilər, elm və mədəniyyət xadimləri gəlir. Təbii ki, onlara rahat şərait lazımdır. Ən əsası daşınmanın həcmi artıb. Beləliklə, sizi Qroznıda memarlıq möcüzəsi olan aeroport qarşılayacaq”, - o vəd edib.
A.İ.