İspaniyanın Pamplona şəhərində məşhur San-Fermin festivalı başlayıb. Festivalın ilk günü artıq bir neçə nəfərin xəsarət alması ilə yadda qalıb.
Oxu.Az bu barədə "Diari de Tarragona"ya istinadən xəbər verir.
Bildirilir ki, tədbirin ilk günündə altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

700 ildən artıq tarixi olan San-Fermin festivalı dünyada ən təhlükəli əyləncələrdən biri kimi tanınan "encierro", yəni küçələrdə öküzlərlə qaçış mərasimi ilə seçilir. Hər səhər yerli vaxtla saat 08:00-da 500-600 kiloqram çəkisi olan altı öküz Pamplonanın dar küçələrinə buraxılır. Ağ geyim və qırmızı yaylıqla bəzənmiş yüzlərlə iştirakçı 875 metrlik məsafədə bu heyvanlarla qaçaraq adrenalini yaşamağa çalışır. Qaçışın orta müddəti təxminən üç dəqiqə təşkil edir.
Bütün təhlükələrə baxmayaraq, San-Fermin festivalı hər il bir milyondan çox insanı cəlb edən, İspaniyanın ən tanınmış və eyni zamanda, ən mübahisəli əyləncə hadisələrindən biri olaraq qalır. Təşkilatçılar bildirirlər ki, qaçışda iştirak tamamilə könüllüdür və hər bir iştirakçı riskləri öncədən dərk edir.