Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Papa XIV Leonun birgə mətbuat konfransı baş tutub.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, R.T.Ərdoğan Türkiyədən veriləcək mesajların türk-islam dünyasına, xristian coğrafiyasına çatacağına, dünyada sülh ümidlərini artıracağına inandığını deyib.
"Papa Leonun ziyarəti regional və qlobal hadisələr kontekstində son dərəcə kritik bir zamana təsadüf edir. Son günlərdə Rusiya-Ukrayna müharibəsini sonlandırmağa istiqamətlənmiş fəaliyyəti yaxından izləyir, lazımi dəstəyi və töhfəni verməyə çalışırıq. Hörmətli qonağımızın sülh və dialoq istiqamətindəki çağırışları da diplomatik prosesin uğuru baxımından son dərəcə qiymətlidir.
Ətrafımızdakı münaqişə, böhran, zülmlər qarşısında məsuliyyət götürür, asan olanı deyil, çətin olanı seçərək sülh, ədalət üçün əlimizi daşın altına qoyuruq", - Ərdoğan bildirib.
O, həmçinin vurğulayıb ki, Qüdsdəki tarixi status-kvonun qorunması çox önəmlidir:
"Bu ziyarəti ortaq zəminimizi gücləndirən çox önəmli bir addım olaraq dəyərləndirirəm".
Öz növbəsində, Papa Leo Türkiyənin Aralıq dənizinin və bütün dünyanın həm bu günü, həm də gələcəyində önəmli bir yerə sahib olduğunu qeyd edib.
"İki dünya müharibəsindən sonra iqtisadi və hərbi güc strategiyalarının hakim olduğu, qlobal səviyyədə yüksək gərginlikli bir münaqişə dövrünə şahidlik edirik", - Papa əlavə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Papa 14-cü Leo mətbuata bəyanatla çıxış edirlər.
Oxu.Az xəbər verir ki, mətbuat konfransı Beştepe Milli Kitabxanasında təşkil edilib.
Roma Papası XIV Leo Türkiyəyə səfər edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Papa XIV Leo Ankarada Anıtqəbri ziyarət edib. O, Anıtqəbir Xüsusi Dəftərini də imzalayıb.
"Türkiyəni ziyarət edə bildiyim üçün Allaha şükür edirəm və bu ölkəyə və xalqına bol sülh və firavanlıq arzulayıram", - deyə o, yazıb.
Səfərdən sonra Papa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Vatikanın dövlət başçısı, Roma Papası XIV Leo bu gün Türkiyəyə rəsmi səfər edib.
Bu barədə Oxu.Az "Sputnik Türkiyə" nəşrinə istinadən xəbər verir.
Qeyd edilir ki, bu onun vəzifəyə başlamasından bəri ilk beynəlxalq səfəridir və bu səbəbdən xüsusi əhəmiyyət kəsb edir.
Məlumata görə, Papa səhər saatlarında Anıtqəbri ziyarət edəcək və daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Prezident Ərdoğanla görüşlər zamanı Türkiyə-Vatikan münasibətləri, regional və qlobal məsələlər, xüsusən də Fələstin məsələsi müzakirə olunacaq.
Papa səfərinin ikinci hissəsində axşam saatlarında İstanbula gedəcək.
Noyabrın 28-də onun Hərbiyədəki Müqəddəs Esprit Katolik kilsəsində dini rəsmilərlə görüş keçirməsi və Fransız Fakirhanesini ziyarət etməsi gözlənilir. Elə həmin gün o, helikopterlə İznikə gedəcək və İznik Şurasının 1700 illik yubiley tədbirlərinə qatılacaq, orada çıxış edəcək. Papa daha sonra İstanbula qayıdacaq və Vatikan nümayəndəliyində görüşlər keçirəcək.
Səfərin ən gərgin günü olan noyabrın 29-da Papa Sultanəhməd məscidini və Mor Efrem Süryani Kadim Ortodoks kilsəsini ziyarət edəcək. Gün ərzində o, xristian icmasının nümayəndələri ilə görüşəcək və Fener Yunan Patriarxı Varfolomeylə bir araya gələrək, birgə bəyannamə imzalayacaq. Axşam saatlarında isə o, "Volkswagen Arena"da 5000 nəfərin iştirakı ilə ayini idarə edəcək. Bu tədbir Papanın Türkiyəyə səfərləri arasında ictimaiyyətə açıq olan və ən çox insanın iştirak etdiyi dini proqram kimi diqqət çəkir.
Papa XIV Leo səfərinin son günündə, yəni noyabrın 30-da Atatürk Hava Limanından Beyruta gedəcək və səfərinin ikinci mərhələsi olan Livan proqramına başlayacaq.