İran prezidenti Həsən Ruhani nüvə danışıqları çərçivəsində İranın hüquqlarının qorunması haqqında qanunu imzalayıb və ölkə XİN-nə təqdim edib. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Oxu.Az xəbər verir ki, qanun layihəsi İran parlamenti tərəfindən iyunun 23-də qəbul edilib və 244 deputatın 213-ü qanunun lehinə səs veriblər.
Qanunun mətninə əsasən, İran beynəlxalq vasitəçilərdən ibarət “altılığın” razılaşdırılmış şərtlərini o şərtlə qəbul edir ki, ölkəyə qarşı sanksiyalar elə həmin gün aradan qaldırılır.
Bundan başqa, qanunda deyilir ki, məhdudiyyətlər sülh nüvə texnologiyalarına şamil olunmayacaq.
Öncə məlum olub ki, İran və “altılıq” İranın nüvə proqramı üzrə sazişin texniki məsələlərinin və əlavələrinin əksər hissələri üzrə razılığa gəliblər.