Moskvada “Rus marşı” adlı yürüşün təşkilatçıları hava şəraiti ilə əlaqədar yürüşdən sonra nəzərdə tutulan mitinqi ləğv ediblər. Oxu.Az APA-ya istinadən xəbər verir ki, “RİA Novosti”nin yaydığı məlumata görə, güclü yağış başladıqdan sonra təşkilatçılar mitinqin olmayacağını və tribunadan sadəcə, aksiyanın əsas tələblərinin səsləndiriləcəyini bildiriblər. Qeyd edək ki, Moskva polisi aksiyada təxminən 8 min nəfərin iştirak etdiyi açıqlayıb
13:50 Rusiya paytaxtında “Rus marşı” adlı kütləvi aksiyaya qatılan insanlar Moskvanın Lyublino rayonuna toplaşmağa başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, iştirakçılar toplaşdıqdan sonra metronun “Lyublino” stansiyasından “Bratislavskaya” stansiyasına doğru yürüş edəcəklər. Yürüşdən sonra “Kolovrat” ansamblının iştirakı ilə konsert olacaq.
Yerli hakimiyyət 15 min nəfərlik aksiyaya icazə versə də, millətçilərin liderlərindən olan “Russkiye” Birliyinin sədri Dmitri Demuşkin iştirakçıların sayının bundan iki dəfə çox olacağını bildirib. Sergey Baburinin liderlik etdiyi Rusiya Ümummilli İttifaqı da təşkilatçılar arasındadır.
Aksiya ilə əlaqədar yürüşün başlayacağı Pererva küçəsində polis qüvvələri yerləşdirilib. Polis “Lyublino” stansiyasının ətrafını nəzarətə götürüb. Aksiya iştirakçıları yoxlanaraq əraziyə buraxılır.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva regional bölməsinin icraçı direktoru Aydın Cəfərli APA-ya açıqlamasında bildirib ki, Azərbaycan diaspor nümayəndələri aksiyanı müşahidə edir:
“Dəqiq say məlum olmasa da, bu dəqiqələrə qədər aksiyaya insanların axını hələ də davam edir. Bütün hallarda biz azərbaycanlılara bu gün hər hansı təxribata qarşı ehtiyatlı olmağı tapşırmışıq”.