Rusiya hərbçiləri Ermənistan dağlarında “Qrad” reaktiv yaylım atəş sistemlərindən (RYAS) atəş üzrə təlimlərə başlayıblar, pilotsuz uçan aparatlar bölüyü təlimlərə cəlb edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi dairənin mətbuat xidməti bildirib.
“Cənubi hərbi dairədə Rusiya hərbi bazasında yüksək dağlıq poliqonu “Alagəz”də artilleriya bölükləri ilə sahə təlimləri başlayıb. Artilleriya bölükləri dəniz səviyyəsindən 2 min metr hündürlükdə müxtəlif hədəfləri məhv edəcəklər, onları aşkar etmək üçün isə pilotsuz uçan aparatlardan istifadə ediləcək”, - məlumatda deyilir.
Təlimlərdə 300-dən çox hərbçi və 100 ədəd silah və hərbi texnika iştirak edir. Onların arasında “Qvozdika” özüyeriyən haubitsa, “Qrad” reaktiv yaylım atəş sistemləri var. 300-ə yaxın qrup və tək hədəflərin məhv edilməsi planlaşdırılır.