Rusiyanın hüquq-mühafizə orqanları Böyük Britaniyanın Moskvadakı səfirliyinin mühafizə xidmətinin əməkdaşını dövlətə xəyanət şübhəsi ilə saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) agenti olduğu iddia edilən 45 yaşlı şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb. O, "Apostol Dmitri" təxəllüsü ilə tanınan ukraynalı bloger Dmitri Karpenkonun tapşırığı əsasında diplomatik nümayəndəliyin təhlükəsizlik sistemləri, oradakı tədbirlər və səfirlik işçiləri haqqında məlumatlar toplayıb.
UTX-nin bu məlumatlardan istifadə edərək Britaniya səfirinə və digər diplomatlara qarşı terror hücumları həyata keçirməyi, daha sonra isə bütün bunlarda Rusiya tərəfini günahlandırmağı planlaşdırdığı bildirilir.
Qeyd edək ki, hazırda Böyük Britaniyanın Moskvadakı səfiri postunu Naycel Keysi tutur.