Rusiya kəşfiyyatçıları Ermənistanın Pambak dağlıq təlim-məşq kompleksinda təlimlərə başlayıblar. Onlar müxtəlif təbiət və iqlim şəraitində “sağ qalmağı” öyrənəcəklər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənubi hərbi əyalətin mətbuat xidməti bildirib.
“Kəşfiyyatçılar müxtəlif təbiət və iqlim şəraitində “sağ qalmağı”, qida əldə etməyi və əl altında olan vasitələrdən istifadə edərək dağlarda düşərgə qurmağı öyrənəcəklər. Hərbi əməliyyatların keçirilməsi mərhələsində hərbçilər atəş hazırlığı, axtarış, hücum, müşahidə və mühafizə postlarının qurulması üzrə bacarıqlarını nümayiş etdirəcəklər”, - məlumatda deyilir.
Bundan başqa, onlar səssiz atəşin metodikasını da öyrənəcəklər. Ən yaxşı döyüşçülər Şimali Osetiyada kəşfiyyatçıların əyalət yarışlarında hərbi birləşməni təmsil edəcəklər.
Təlimə 300-dən çox hərbçi cəlb edilib. Təlimlər respublikanın dağlıq rayonlarında keçiriləcək.