Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin Baş Komandanı Mixail Drapatının məruzəsinə əsasən bəyan edib ki, endirilən zərbələr nəticəsində Rusiyanın neft emalı gücünün 55%-dən çoxu uğurla dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna KİV yazıb.
"Bu gün Mixail Drapatı Ukraynanın uzaqmənzilli zərbələri ilə bağlı məruzə edib. Biz nəticələri demək olar ki, hər gün görürük. Ümumilikdə, biz artıq Rusiyanın neft emalı gücünün 55%-dən çoxunu dayandırmışıq.
Bu, Rusiyanın gərginliyi azaltmaqdan imtina etməsinə və enerji infrastrukturumuza hücumlarına qarşı tamamilə əsaslandırılmış bir cavabdır", - deyə o bildirib.
Zelenski qeyd edib ki, Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmaq üçün tərəfdaşları ilə birlikdə çalışacaq.
"Bizdə bu potensial mövcuddur və hazırda cəbhə xəttində PUA-lardan istifadəmiz effektivdir. Oktyabr ayında Rusiya 50 000-dən çox itki (ölü və yaralı) verib. Noyabr ayı üçün də oxşar dərəcədə yüksək rəqəm olmalıdır. Hərbçilərimiz cəbhə xəttini uğurla saxlayırlar və mən buna görə onlara minnətdaram. Tərəfdaşlarımızın da öz mövqelərini qorumaları və dəstəklərini davam etdirmələri vacibdir", - deyə o vurğulayıb.