Rusiya Ədliyyə Nazirliyi 2024-cü il prezident seçkisində namizədliyini irəli sürmüş siyasətçi Boris Nadejdini "xarici agent" siyahısına daxil edib.
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, yenilənmiş reyestrə, həmçinin jurnalist Yekaterina Voropay, iş adamı və Arktika turizmi üzrə ekspert Timofey Roqojin, eləcə də "Namizədlərin qərargahı" (Ştab kandidatov) təşkilatı əlavə edilib.
Ədliyyə Nazirliyi B.Nadejdinin bu siyahıya salınmasına əsas kimi onun icazəsiz mitinq və piketlərdə iştirak çağırışlarını göstərib.
Bundan əlavə, siyasətçi xarici agentlərin materiallarını hazırlayıb yaymaqda, arzuolunmaz təşkilatların kontentini təqdim etməkdə, habelə Rusiya hakimiyyətinin qərarları, dövlət siyasəti və ölkənin seçki sistemi barədə "yalan məlumatlar" yaymaqda ittiham olunur.