NATO və Rusiyanın müdafiə büdcələrini müqayisə etmək - fil və milçəyi müqayisə etmək kimi bir şeydir, Oxu.Az-ın məlumatına görə, Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey İvanov The Financial Times-da müsahibəsində bildirib.
"Siz NATO və Rusiyanın müdafiə büdcələrini müqayisə edə bilməzsiniz", - deyə, İvanov bildirib.
"Biz fil və milçəkdən, begemot və ev pişiyindən danışırıq. Hərbi büdcələrimizin müqayisəsi belədir", - deyə, o, əlavə edib.
"Bizim hərbi gücümüz çox fərqlidir. Lakin ən əsası: biz nə üçün bunu etməliyik? Siz düşünürsünüz ki, biz NATO ilə müharibəyə başlamaq istəyirik? Məgər biz intihar etmək istəyənlərə bənzəyirik? Bu bizim nəyimizə lazımdır?", - deyə, İvanov Rusiyanın hərbi təcavüzə meylli olması, Baltikyanı ölkələrə müdaxilə edə biləcəyi barədə rəyləri şərh edib.
İvanov belə iddiaları "sərsəmləmə" və "psixiki pozuntu" adlandırıb.
"Baltikyanı ölkələr bunu bilərəkdən edirlər ki, sizdən pul alsınlar. Mən sizə açıq deyirəm - onlara sizin pullarınız lazımdır və buna görə də qışqırırlar ki, "Kömək edin! Onlar bizə hücum edəcəklər!", - deyə, o, izah edib.