Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
"Alfa Sığorta" AZAL aviaşirkətinə məxsus "Embraer" təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aviakasko üzrə sığorta ödənişini tam şəkildə həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks"a şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib.
O, həmçinin sərnişinlərə dəyən zərərə görə ödənişlərə də başlandığını bildirib.
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azerbaijan Airlines" (AZAL) şirkətinə məxsus "Embraer 190" təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti "Alfa Sığorta" şirkətində sığortalanmışdı", - deyə İ.Kabaçnik qeyd edib.
İlya Kabaçnik vurğulayıb ki, riskin əsas hissəsi "Rusiya Milli Təkrarsığorta Şirkəti" tərəfindən həyata keçirilib. Təyyarə üçün tam sığorta məbləğində ödəniş isə fevral ayında baş tutub. O, aviakasko üzrə ödənişin məbləğini açıqlamayıb. İ.Kabaçnik sığorta şirkətinin rəsmi araşdırmanın başa çatmasını gözləmədən ödənişləri niyə həyata keçirə bildiyini izah edib:
"Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün yetərincə məlumatımız var. Sığortaçı kimi bizim üçün əsas məsələ təyyarənin məhv olması faktıdır, bu isə şübhə doğurmur. Həmçinin müharibə və terrorizm riskləri də sığortalanmışdı, buna görə də aviaşirkət istənilən halda sığorta ödənişini alır", - deyə o bildirib.
Eyni zamanda, sərnişinlərə dəyən zərərin hesablanması və aviaşirkətin məsuliyyət sığortası çərçivəsində zərərçəkənlərə və onların qanuni nümayəndələrinə ödənişlərin "Аlfa Sığorta" şirkəti tərəfindən yanvar ayında başladığı və hazırda davam etdiyi bildirilib.
Şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini qeyd edib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir:
"Alfa Sığorta" ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün ödənişlər həm də Rusiyanın 67-FZ saylı "Məcburi daşıyıcı məsuliyyəti haqqında" Qanununa əsasən nəzərdə tutulur. Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər".
Aviaşirkətin üçüncü şəxslərə dəyən zərər üzrə məsuliyyət sığortası ilə bağlı müqavilə şərtlərinə toxunan İ.Kabaçnik bildirib ki, yerdə dəymiş zərərə dair hər hansı bir iddianın irəli sürüldüyü barədə məlumatımız yoxdur və belə iddialar gözlənilmir. Əgər belə hallar baş verərsə, biz onları aviaşirkətlə birlikdə müəyyən olunmuş qaydada həll edəcəyik.
Qeyd edək ki, AZAL aviaşirkətinə məxsus "Embraer" təyyarəsinin qəzası 25 dekabr 2024-cü ildə baş verib. Təyyarə Bakıdan Qroznıya uçurdu, lakin iki uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib. Qazaxıstan hava limanına təxminən 5 km qalmış qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub (42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşı), onlardan 38-i həyatını itirib.

"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır
- Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi
- AZAL-ın qəzaya uğrayan təyyarəsinin pilotları ilə danışıqların stenoqramları kimlərdə var?
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb