Rusiya 1000 ukraynalı əsgərin cəsədini ölkəsinə qaytarıb.
Oxu.Az Rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, repatriasiya edilənlər arasında əsirlikdə həlak olmuş beş ukraynalı hərbi qulluqçunun cəsədi də var. Halbuki onlar İstanbulda keçirilən danışıqlar zamanı əsirlərin razılaşdırılmış mübadilə siyahısında "ağır yaralı və ağır xəstə" əsirlər kimi qeyd olunmuşdular.
"Rusiya tərəfi vaxtı uzadır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ukrayna bütün ağır xəstə və ağır yaralı əsirlərin dərhal azad olunmasını tələb edir və bütün ukraynalıların geri qaytarılması uğrunda mübarizə aparır", - deyə qərargahın yaydığı məlumatda qeyd olunub.
Öz növbəsində, "Russia Today"in (RT) əldə etdiyi məlumata görə, Ukrayna tərəfi 19 cəsədi Rusiyaya təhvil verib.