İyulun 30-na keçən gecə Rusiya hərbçiləri Ukraynanın bir sıra regionlarına PUA və raketlərlə hücumlar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları və Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Krivoy Roq şəhərinin kənarında çoxuşaqlı ailənin yaşadığı fərdi yaşayış evinə ballistik raket düşüb. Krivoy Roqun Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun sözlərinə görə, hadisə nəticəsində altı nəfər həyatını itirib, daha səkkiz nəfər isə xəsarət alıb. Dağıntıların qalıqlarının təmizlənməsi hələlik yekunlaşmayıb və axtarış-xilasetmə tədbirləri davam etdirilir. Yaralılara lazımi tibbi yardım göstərilir. Ölənlərin sayının artacağı istisna edilmir. Lvov şəhərində də bir neçə partlayış səsi eşidilib. Paton və Vıqovski küçələrindəki yaşayış binalarında yanğınlar baş verib.
Lvov meri Andrey Sadovı "Telegram" kanalında bildirib ki, bütün müvafiq xidmətlər hadisə yerində cəlb olunub. O, həmçinin əlavə edib ki, Paton küçəsindəki binanın dağıntıları altında hələ də insanlar qalmaqdadır. Yaxınlıqda yaşayan sakinlər də xilasetmə işlərinə qoşularaq dağıntıların aradan qaldırılmasına köməklik edirlər.
Lvov Vilayət Hərbi İdarəsinin rəhbəri Maksim Kozitski "Telegram"da Lvova edilən raket hücumu nəticəsində yaralananların sayının 15-ə çatdığını açıqlayıb. Xəsarət alanlardan 14-ü xəstəxanaya yerləşdirilib ki, onların da arasında bir xilasedici var.
Paytaxta da ötən gecə kütləvi aviazərbələr endirilib. Ukrayna FHN-in məlumatına əsasən, Rusiya ordusunun Kiyevə endirdiyi zərbə bir nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnib.
"Paytaxtın iki rayonunda yanğın hadisələri qeydə alınıb. Obolon rayonundakı bazarın ərazisində ticarət pavilyonları yanıb, zərərçəkən var", - deyə açıqlamada qeyd olunub.
Eyni zamanda Svyatoşinski rayonunda qaraj kooperativi ərazisində də alovlanma baş verib. Yanğınsöndürmə işləri zamanı bir nəfərin cəsədi tapılıb. Bir nəfər isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
"Həmin rayonda beşmərtəbəli qeyri-yaşayış binasında baş verən yanğının söndürülməsi davam edir. Bütün zəruri xidmətlər hadisə yerində fəaliyyət göstərir. Təfərrüatlar dəqiqləşdirilir", - deyə açıqlamada bildirilib. Kiyev vilayətində isə biri uşaq olmaqla beş nəfər xəsarət alıb.
Məlumata görə Brovarı rayonunun Skibin kəndində ikimərtəbəli fərdi yaşayış binası qismən dağıdılıb. "Qonşuluqdakı iki evə də ziyan dəyib. Qəza-xilasetmə tədbirləri çərçivəsində xilasedicilər üç yaralını dağıntılar altından çıxararaq həkimlərə təhvil veriblər", - deyə FHN qeyd edib.