Rusiyanın “Aeroflot” aviaşirkəti altı illik fasilədən sonra Moskvadan Tbilisiyə ilk dəfə olaraq müntəzəm reyslər həyata keçirib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Gürcüstan və Rusiya arasında birbaşa hava əlaqəsi 2008-ci ilin avqustunda müharibə zamanı kəsilmişdi. Bundan bir neçə ay sonra zaman-zaman S7 və Georgian Airways aviaşirkətləri ilə həyata keçirilən çarter reyslərə icazə verildi.
Yalnız bu il ölkələr müntəzəm reyslərin bərpası haqqında razılığa gəliblər, buna görə yeddi Rusiya aviaşirkəti icazə alıb.
Rusiya ordusunun Cənubi Osetiyada hərbi münaqişəyə müdaxiləsindən sonra Tbilisi tərəfindən Rusiya və Gürcüstan arasında pozulmuş diplomatik əlaqələr hələ də bərpa edilməyib.