Rəsmi Moskva Dağlıq Qarabağda istənilən atəşkəs pozuntusunun qarşısını almağı və bunun üçün işlək mexanizmlərin hazırlanmasını başlıca məsələ hesab edir.
Oxu.Az xəbər verir ki, bu sözləri RİA Novosti-yə müsahibəsində Sergey Lavrov deyib.
“Hazırda ən əsas məsələ yeni itkilərdən qaçmaq və atəşkəs pozuntusunun qarşısını almaqdır. Bunun üçün işlək mexanizmlər və tədbirlər hazırlamaq lazımdır”, - Lavrov bildirib.
Onun sözlərinə görə, 5 il əvvəl o vaxtkı Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri bu məsələni altına imza atıblar:
“Onlar insidentlərin araşdırılması və etimadın möhkəmləndirilməsi mexanizminin yaradılmasına razılaşdılar. ATƏT-ə bu məsələ ilə məşğul olmaq həvalə edildi və ATƏT nümayəndələri müxtəlif variantlı təkliflər ortaya atdılar. Lakin təəssüf ki, 2012-ci ildə məsələ irəliyə getmədi. İndi biz istəyirik ki, tərəflər bu məsələyə qayıtsınlar. ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu təşviq edirik”.