Rusiya Müdafiə Nazirliyinin Su-24 təyyarəsi Volqoqrad vilayətinin Kalaçevsk rayonunda qəzaya uğrayıb, güc strukturlarındakı mənbələr “İnterfaks”a bildiriblər.
“Qəza Moskva vaxtı ilə 11:23-də baş verib. İlkin məlumatlara görə təlim uçuşu həyata keçirən Su-24 təyyarəsi qəzaya uğrayıb və Volqoqradın Kalaçevsk rayonu ərazisində yaşayış məntəqələrindən uzaq ərazidə yerə düşüb”, - deyə, mənbə bildirib.
Onun sözlərinə görə, hazırda ekipaj üzvləri axtarılır.
Qeyd edək ki, NATO ölkələrində Fencer (qılıncoynadan) kimi tanınan Su-24 qanadlarının formasını dəyişə bilən bombardmançı təyyarədir. O, istənilən hava şəraitində, gecə və gündüz, o cümlədən alçaq yüksəklikdən raket-bomba zərbələrinin endirilməsi üçün nəzərdə tutulub.
1974-cü ildə silahlanmaya qəbul edilib. 11 km hündürlükdə maksimal uçuş sürəti 1430 km/s, yerə yaxın 1320 km/s təşkil edir. Maksimal uçuş hündürlüyü 11 km təşkil edir. Maksimal döyüş radiusu – normal döyüş yükü ilə 390 km, asma yanacaq çənləri ilə 570 km.
Ümumilikdə 1200-ə yaxın Su-24 istehsal edilib.